January 25th, 2019

Bu mədəni ənənə sındırılmalıdır, tədricən

Xalqın beyin xəritəsinə zorla soxulmuş bir təsəvvür var: ən oxumamış adamın dilində, yəni “xalx dilində” bütün həqiqətləri ifadə etmək mümkündür.

Bu ağ yalanı mədəni pərəstiş normasına çevirənlərdən biri də, Sovet ideologiyasının Azərbaycan mədəniyyətində aldığı eybəcər formalardır.

Xalqçılıq dərin və doğru bir nəzəriyyədir - onun 19`cu əsrdə ortaya çıxması ictimai-siyasi proseslərə böyük müsbət təkan verdi.

Amma sərt Sovet dövlətinin popular ideoloji təməllərindən birinə çevriləndən sonra, onun yaratdığı mutant təsəvvürlər hələ də cəmiyyətimizə irəli getməyə imkan vermir.

Adi o “Bəyin oğurlanması” filmində qoca kişinin guya havanın necə olacağını pis meteoroloqdan daha yaxşı bilməsi səhnəsi millətimizin düşüncə qabiliyyətinə faciəvi təsirlər etmişdir. İndi biz havanı o qocadan soruşmuruq axı, internetdə sputnik şəkilindən öyrənirik.

Elmin inkar edilməsi, qara kütlənin guya hansısa əbədi həqiqətlər daşıması ideyası düşüncə qaydasına çevrilib və sən, istedadlı amma zərərli komediyaların sementlədiyi bu qaydaya riayət etmirsənsə, xalqdan ayrı düşmüşün birisən.

Bu mədəni ənənə tədricən sındırılmalıdır. Amma tədricən.