Dialoqdan imtina edən partiyalar nədə yanılır?

Dialoqdan imtina edən partiyalar nədə yanılır?

Özünün ən bəsit formasında, siyasət ibtidai güclərin nisbətində yol axtarışıdır. Demokratiyada siyasət bir qədər daha mürəkkəb oyundur. O, indiyədək tarixdə görünməyən qədər cilovlanmış güclərin nisbətində yol axtarışıdır.

Anadangəlmə görkəmdə siyasi güc hər hansı məqsəd uğrunda əmələ hazır olan insanların fiziki gücü deməkdir. Demokratiyada isə gücün daha çox təzahürləri var. Demokratik təsisatlar cəmiyyətdə zəifdirsə, onlar ibtidai siyasi gücün qarşısında adətən acizdir, xüsusilə, sonuncunu heç olmasa minimum həcmdə qidalandıran iqtisadiyyat da varsa.

Adətdən söz düşmüşkən, siyasi vaxt anlamı da vacibdir. Siyasi vaxt “zəmanə” deyil, ilin fəsli də deyil. O, fürsətləri açıb-bağlayan institusional dövrlərdir. Məsələn, seçkidir.

Siyasətçilərin verdiyi qərar güclər və vaxt fonunda çəkilən bu müqayisəli rəsmi mütləq rəhbər tutmalıdır.

Azərbaycanda demokratiya yoxdur. Burada özünü sanki demokratik ölkədə yaşayırsan kimi aparmaq ağılsızlıqdır. Qayda-qanuna fanatik istinad gülüncdür. O qanunları xalq bəyəm demokratik qaydada qoyub ki, əsas istinadı onlara edib siyasi yol gedəsən?

Demokratik ölkədə mühüm olan güc təzahürləri bugünkü Azərbaycan kimi ölkələrdə çox nisbidir. Məsələn beynəlxalq həmrəylik. Onun küt tərəfi ilə kəsəcəksənsə, heç, batdın. İti tərəfi isə insan ömrü baxımından həddən artıq vaxt aparır. “İctimai rəy” adlı güc təzahürünə gəldikdə də zəiflik göz qabağındadır: burada kəmiyyətin yığılıb keyfiyyətə keçməsi beynəlxalq həmrəylik məsələsində olduğundan daha da ləngdir. Siyasətçinin xətti giley-güzardan ibarətdirsə o, heç insan həyatına sığmaz.

Elan olunmuş prosedurlar, beynəlxalq həmrəylik, ictimai rəy və s. güc növləri demokratiya uğrunda çalışan siyasətçinin gücünə prinsip etibarı ilə daxil olsa da, onları siyasi vaxtın imkan verdiyi açılım məqamında bir araya gətirib işə salmayan tərəf qələbə görməyəcək.

Seçkiyə hələ illər qalmış bir siyasi vaxtda hakimiyyət bizə dialoq təklif edəndə REAL da özünü elə apara bilərdi ki, guya 100 min vətəndaş bu saat çağırışımızla meydanda durub şüarlarımızı ucadan hecalayır. Düzdür, belə bir meydanı prinsipcə qeyri-mümkün saysaydıq, müxalifətdə olmazdıq. Bütün maneələrə baxmayaraq Azərbaycan xalqının Cümhuriyyət üsuli-idarəsinə tarixi sədaqəti bizə məlumdur. Bu gün 100 min yox, 500 min insan da meydana toplaşa bilər. Amma hələ bu baş verməyib. Hakimiyyətin ibtidai gücü müxalifətin, mənəvi güc istisna olmaqla, bütün siyasi güc növlərinin cəmindən hələlik üstündür. “Üstündür” heç də “əbədi qalib” demək deyil. Sadəcə, siyasi vaxtın indiki nöqtəsində bu vəziyyətin səbəbləri ayrı mövzudur.

Beləliklə, dialoqdan imtina edən siyasi tərəfin hakimiyyətə dediyi, bunu özü anlasa da, anlamasa da, odur ki, mən səndən bu saat ya siyasi gücün ibtidai mənasında daha güclüyəm, ya da bütün digər güclərimin cəmi sənin ibtidai gücündən üstündür. Belə yanaşma, həmin o güclərin dərhal toqquşmasına dəvətdir.

Məsələn, əgər dialoqdan imtina edən partiyaların bu dəfə təkcə sıravi üzvləri deyil, rəhbərləri də həbsə atılsa heç təəccüblənmərəm, çünki dialoqdan imtina ilə onlar hakimiyyətin məhz anti-demokratik instinktlərini oyadıb iş başına gətirirlər. İndiyədək 30 ildir bu davranış ancaq sadə üzvlərin başında çatlayıb, amma bu dəfə başqa cür də ola bilər.

REAL çoxdandır hakimiyyəti dialoqa dəvət edirdi. Hələ ötən ilin oktyabrında müsahibələrin birində demişdim ki, siyasi dialoqa dəvət gəlsə dərhal ondan yapışıb bir sürəc qurmağa çalışacağıq. Məqsəd – siyasət aləminin hazırda zəif olan instinktlərini fəaliyyətə gətirib ölkə siyasətinin quruluşunu mürəkkəbləşdirməkdir. Başqa sözlə, demokratik güc yarışına aid davranışları tərəflərin adətinə çevirib onların sonradan pozulmasını çətinləşdirməliyik. Hakimiyyət özü bəhanələr gətirərək dialoqdan imtina etsə, tərəflərin ünsiyyətini primitiv saxlamaq istəsə, onda ibtidai güclərin toqquşmasına görə məsuliyyət də ancaq onun üzərinə düşər.

Azərbaycan qeyri-demokratik ölkə olduğu üçün, dialoqdan imtina ancaq ibtidai siyasi güc yarışını fəallaşdırır. Dialoq isə həmin o ibtidai gücü arxa plana atır və demokratiyaya daha çox xas olan güc növlərini önə çəkir. Ən əvvəldə yazdığım kimi, demokratiyanı ibtidai siyasi quruluşdan fərqləndirən cəhət – çox daha mürəkkəb güc təzahürlərinin bir-biri ilə yarışıdır.

Xudafərin layihələri 2016, qalmaqal 2020

Xudafərin körpüsü ətrafında su qovşağı, körpu və su elektrik stansiyası haqda 23 fevral 2016`cı il sazişi və həmin aylarda baş vermiş digər mühüm hadisələr arasında birbaşa məntiqi bağlantı qurmamaq çox çətindir. Bu istiqamətdə söhbətin indi aparılması milli maraqlarımıza o qədər də xidmət etmir deyə, hələlik işin başqa tərəfinə diqqət edək.

İran və SSRİ arasında Arazda su sənaye obyektlərinin tikilməsi haqda hələ 1980`lərdə sazişlər olub, Sovetin Гидропроект institutunun iştirakı ilə sıx texniki əməkdaşlığa başlanılıb. Təbiidir ki, İran tərəfi o sazişlərə arxalanaraq öz ərazisində bir çox hazırlıq və tikinti işləri də görüb, vəsait xərcləyib, iqtisadi imkanlar yaratmaq istəyib. SSRİ`nin dağılması bu əməkdaşlığa əngəl oldu və İran təbii ki, onu davam etdirmək istərdi.

1998`ci il prezident seçkiləri ərəfəsində İran nümayəndə heyəti bu məqsədlə Bakıya gələndə, Heydər Əliyev işğalı əsas gətirərək telekameralar qarşısında onu kobud tərzdə qovdu.

Mövzü İran-Azərbaycan münasibətlərində problemli nöqtələrdən biri olaraq qalırdı. Məsələn, 2007`ci ildə Güney Azərbaycandan olan fəallar etnik azərbaycanlıların həmin ərazidən yavaş-yavaş köçürülməsi, ərazinin etnik tərkibinin dəyişdirilməsi xəbərini yayırdı. Azərbaycan hakimiyyətinə yaxın media bu xəbərləri təkrarlayırdı.

İranın ən çox iqtisadi səmərə axtardığına inansam da, Azərbaycanı bu mövzuda həddən artıq sıxması başqa niyyətlərdən də xəbər verə bilər. Amma bu da ayrı bir mövzudur.

Danışıqlarda İranın bizə ilk baxışda haqlı iradlar bildirməsinə də heç şübhəm yoxdur: “Öz vilayətlərimi iqtisadi baxımdan inkişaf etdirmək istəyirəmsə, Azərbaycanın 25-30 ildir öz torpaqlarını qaytara bilməməsi məni istəyimdən vaz keçməyə niyə yönəltməlidir ki?”

Amma problem ondadır ki, İranın Qarabağ münaqişəsində tərəfsizliyi inandırıcı deyil. Ən azından Şuşa işğalı ətrafındakı hadisələr hələ uzun müddət suallar doğuracaq. Azərbaycan rəhbərliyi isə bu tərəfsizliyin yoxluğunu göstərmək üçün az və daha da azalan iş görür, son illərdə isə ümumiyyətlə susur. Susmasaydı, 2016`cı ildə Xudafərin layihələri mələsində İranın təzyiqlərinə davam gətirməyi bacarardı.

Bu yanaşmam heç bir halda İranla Azərbaycan arasında münasibətlərin pisləşdirilməsinə çağırış kimi qiymətləndirilə bilməz. Geniş tarixi, siyasi və iqtisadi baxışda İran dinc, sabit əməkdaşlıq qonşuluğunda maraqlıdır. Amma problemli nöqtələri tamamilə görməzliyə qoymağımız da düzgün deyil.

P.S. SSRİ`də işlər belə qurulurdu: İranla böyük saziş varsa, o haqda kino da çəkilməlidir. 1989`cu ildə “Azərbaycanfilm” kinostudiyası çəkdi: “Doğma sahillər”. İndi baxmağa həvəsim yoxdur, amma süjeti belədir: iki dövlət sərhəddəki çayda böyük su qovşağı tikməkdədir, başqa dövlətlərin agentləri isə bundan istifadə edib pis işlər görməyə çalışırlar.

28 aprelin daha bir dərsi

Tanınmış alman siyasətçisi Villi Brandt haqda bu yaxınlarda bir yazı gözümə dəydi. Villi Brandtın siyasi xəttini həmvətənlərinin bir çoxu uzun müddət təslimçi adlandırırdı.

O, Qərbi Berlinin meri olanda SSRİ bir gecəyə məşhur divarı tikdi. Qərbi Almaniyanın kansleri olanda isə ADR`i faktiki tanıdı və işğalçı SSRİ ilə yaxın əlaqələr qurmağa başladı.

Bu baxımdan Brandtın Şərq siyasəti tamamilə “təslimçi” idi. Amma heç 20 il keçmədən uğurlu nəticə verdi.

AFR`in kansleri olaraq Brandt inanırdı ki, ADR və SSRİ nə qədər öz daxillərinə qapansa, o qədər güclüdürlər və Almaniyanı birləşdirmək imkanı bir o qədər azalacaq. Brandt ADR ilə nisbətən isti münasibət qurdu, nəqliyyat xəttini canlandırdı, get-gəli fəallaşdırdı. Polşa ilə münasibətlərdəki soyuqluğu aradan qaldırdı.

Bütün bu “təslimçi”liyə onu bircə inam yönəldirdi: o, inanırdı ki, sosialist ölkələri iqtisadi və mənəvi rəqabətdə mütləq uduzacaqlar. İnanırdı ki, yarışda AFR`in iqtisadiyyatı və mədəniyyəti mütləq ADR`i üstələyəcək və bu üstünlüyü şərqdəki almanlar görüb hərəkətə keçəcəklər. Görməsələr – keçməyəcəklər.

Dünya tarixinin hiyləli güzəşt hekayələri bununla bitmir. Amma onlar bizim işə yarıyırmı?

100 il öncə 28 apreldə yenicə qurulmaqda olan Türkiyənin yardımı ilə rus bolşevik ordusu Azərbaycana girib burada sözdə müstəqil Sovet Sosialist dövləti quranda, iki il yarımdan sonra isə bu “müstəqilliyi” rəsmən ləğv edib SSRİ`ni quranda, bu tarixi gedişatın içində Azərbaycan (və Türkiyə) Qarabağın dağlıq hissəsində erməni muxtariyyatına razılaşanda bəlkə bizdə də elələri vardı ki, Azərbaycanın iqtisadi baxımdan daha zəngin, ümidverici və dayanıqlı yeni dövlət olacağını düşünüb güzəştləri məqbul saymışdılar.

Amma sonrakı 70 ili biz ermənilərə uduzduq. Ermənilər hətta Sovet dövründə daha səmərəli, daha az korrupsiyalaşmış dövlət qurdular. Onların milli təəssübkeşlik təcrübəsi daha çox idi, əlbəttə, və nominal dövlətlərinin belə qədrini yaxşı bilirdilər.

İndi də qarantiya yoxdur ki, danışıqlarda Ermənistana güzəştə getsək, sonrakı daha bir dinc tarixi yarışda yeni itkilərlə üzləşməyəcəyik. Ermənistanı bu cür yenməkdən ötrü ölkəmizin içində hərtərəfli və müqayisədə bizə üstünlük verən səliqə-səhman yaratmalıyıq. Bunu bacaracağımıza inansaydıq, bəlkə də çoxdan güzəştə gedib danışıqlardakı dalandan çıxardıq, hansısa sülhə nail olardıq, sonrakı onilliklərdə isə Ermənistanı iqtisadi, mədəni və beynəlxalq hörmət baxımdan ötüb-keçərdik, güzəştin misli qədər əvəzini geri alardıq. İnanmırıq, tarixi təcrübəmiz buna əsas vermir.

Ermənistanla davanı hər hansı ciddi güzəştimiz həll etməyəcək. Çözüm fürsəti bir tarixi anda, bizdən asılı olmayan qlobal siyasi təsadüflərin nəticəsində əmələ gələcək. Ancaq o fürsəti xeyrimizə yönəltməyi bacarmağımız üçün, yenə də, dövlətimizi dediyim o səliqə-səhmana doğru aparan çox işlər görməliyik.

My objection to an article in oc-media.org

Today I sent a letter of objection to editors of the Georgian oc-media.org news website. Here is the text:

Dear Madam/Sir,

On 25 April 2020 your website published an article about my and my colleague’s acquittal: https://oc-media.org/azerbaijani-activists-react-with-scepticism-to-real-party-acguittals/

I did not have much confidence in objectivity of the article given its biased title.  However, when I found that our party statement has been deliberately re-phrased, and, moreover, that the re-phrased part has been used as one of sub-titles, I understood that your contributing author is not a journalist, but, in fact, a political activist representing interests of a particular political group in Azerbaijan.

Here is how our party statement has been re-phrased:

“The party noted that they did not overlook that the acquittals were ‘the results of the government's dialogue initiative with the opposition, the adoption of this initiative by the REAL party and the practical transformation of the dialogue after the first contact’.”

And here what the part statement says in reality:

“We, the REAL party, do not overlook the fact that today's acquittals happened at the background of the government initiative to engage in dialogue initiative with opposition – the initiative which we, as REAL party, supported and which has evolved into practical process after the establishment of first contact.” http://www.realpartiya.org/news/126/statement-on-acquittal-of-ilgar-mammadov-and-rasul-jafarov

I recommend that in the future your editors scrutinize contributions from this particular author, especially when her/his writings concern sensitive political issues involving our party or relations between government and opposition in Azerbaijan.

Sincerely yours,

Ilgar Mammadov
Chairman
Republican Alternative (REAL)
Azerbaijan

Bu mədəni ənənə sındırılmalıdır, tədricən

Xalqın beyin xəritəsinə zorla soxulmuş bir təsəvvür var: ən oxumamış adamın dilində, yəni “xalx dilində” bütün həqiqətləri ifadə etmək mümkündür.

Bu ağ yalanı mədəni pərəstiş normasına çevirənlərdən biri də, Sovet ideologiyasının Azərbaycan mədəniyyətində aldığı eybəcər formalardır.

Xalqçılıq dərin və doğru bir nəzəriyyədir - onun 19`cu əsrdə ortaya çıxması ictimai-siyasi proseslərə böyük müsbət təkan verdi.

Amma sərt Sovet dövlətinin popular ideoloji təməllərindən birinə çevriləndən sonra, onun yaratdığı mutant təsəvvürlər hələ də cəmiyyətimizə irəli getməyə imkan vermir.

Adi o “Bəyin oğurlanması” filmində qoca kişinin guya havanın necə olacağını pis meteoroloqdan daha yaxşı bilməsi səhnəsi millətimizin düşüncə qabiliyyətinə faciəvi təsirlər etmişdir. İndi biz havanı o qocadan soruşmuruq axı, internetdə sputnik şəkilindən öyrənirik.

Elmin inkar edilməsi, qara kütlənin guya hansısa əbədi həqiqətlər daşıması ideyası düşüncə qaydasına çevrilib və sən, istedadlı amma zərərli komediyaların sementlədiyi bu qaydaya riayət etmirsənsə, xalqdan ayrı düşmüşün birisən.

Bu mədəni ənənə tədricən sındırılmalıdır. Amma tədricən.

Siyasət və təbliğat arasında seçəndə

Seçicimizlə hamıdan səmimi davranaraq, ikinci mitinqə münasibətimizi hələ dünən bildirdik. Qeyri-səmimi olsaydıq, 24 saat da gözləyib bu gün şikayətlənərdik: “Ah, mitinqə gedirmişdik, amma hakimiyyət İlqarın çıxışından qorxdu və mitinqi qadağan elədi”. Bu bizə yaraşardımı? Yox.

İstəyirsiniz başqalarının üslubunda ayrı bir lovğalıq da edim? Buyurun: “Bizsiz mitinq özünün həmişəki ölçülərinə qayıda bilərdi. Odur ki, REAL`a ictimai dəstəyin belə əyani sübutu ilə üzləşməməkdən ötrü hakimiyyət ikinci mitinqi qadağan etdi.”

Amma biz siyasətimizi bu növdə təbliğatın üstündə qura bilmərik.

Mitinqdən heç də buna görə imtina etməmişdik. Qərarımızda göstərdiyimiz kimi, siyasi məhbuslarla bağlı deyiləsi yeni sözümüz yoxdur, 19 yanvar mitinqində hamısını səsləndirdik. İndi növbə hakimiyyətindir - ənənəvi əfv ya da digər hüquqi alətlər vasitəsilə onları buraxsın. Bu məqsədə çatmaq üçün, çeşidli digər fəaliyyət növlərindən də istifadəni davam etdirəcəyik. İndi hakimiyyət addım atmalıdır. Siyasət belə olur.

Mitinqə bir də haçan çıxaq – bunu mən sizə deyəcəm.

Pafosun uğultusu nəyi eşitməyə imkan vermir?

Çoxlarının diqqətdən qaçırdığı, nisbi olan, amma yenə də həqiqət olan bir şey xalqın seçkiyə münasibətdə başqa bir rasionallığıdır.

“Xalqın iradəsi” siyasətçilərə uzun illərdir təxminən bunu deyir:

  • "Məni seçkiyə cəlb elə, səsimi qazan, sonra da elə et ki, səsimi oğrudan qoruyum. Yox, bunları bacarmırsansa, onda sən ağlağan, şikayətbaz birisisən, sənə dövlət tapşırmaq olmaz. Dünya sərtdir - əgər sən öz siyasətinlə seçki pozuntusu kimi sadə bir şeyi üstələyə bilmirsənsə, onda millətimizə qarşı beynəlxalq hiylə və təcavüzlərin qarşısını necə alacaqsan? Kimə ağlayacaqsan? Dünya ictimaiyyətinə? Get burdan.”

Xalq bunu “deyərkən” haqlıdırmı? Həm haqlıdır, həm də yox. Amma onun haqlı tərəfini indiyədək heç kim nəzərə almayıb, çünki siyasətə baxışda fəlsəfi dərinliyi aldadıcı pafos əvəz edib.

İxtisar islahat deyil

Əgər Siz 11 il orta məktəbdə oxumusunuzsa, bu şəkildən qorxmayın, çətin bir şey yoxdur.

Xatırlayırsınızsa, 2013`cü ildə İlham Əliyev özü başda olmaqla dövlətin təbliğat maşını fəxrlə bəyan edirdi ki, Azərbaycan Güney Qafqaz iqtisadiyyatının 75 faizini təşkil edir?

Doğrudan da, qrafikin göy daşları Azərbaycandır və o, bir ara elə bil Ermənistanı və Gürcüstanı öz ağırlığı altında sıxıb əzmiş kimi görünürdü.

Bakıda bir arxayınçılıq vardı!

Lakin möcüzə baş vermədi. İlham Əliyev Azərbaycanı 2003`də atasından necə 52 faiz səviyyəsində qəbul etmişdisə, birazdan elə o nisbətə qədər də "yüngül"ləşdirəcək.

Adam, iqtisadiyyatı anladığını pulun bol olan vaxtı göstərməli idi. Göstərə bilmədi. O vaxt bədxərcliyi artım kimi tərifləyirdi, indi isə, neft pulu azalandan sonra, ixtisarları - islahat kimi. Amma ixtisar islahat deyil.

PACE and EP Six Years After: Has Anything Changed?

Whereas on 17 January the European Parliament (EP) is going to adopt an urgency resolution on the 2nd fabricated criminal case against Azerbaijani blogger Mehman Hüseynov, it is quite strange that our call for an urgent procedure about Azerbaijan at the 21-25 January session of the Parliamentary Assembly of the Council of Europe (PACE) in line with Rule 51 of the Rules of Procedure of the Assembly remains unheard.

EP and PACE – with their two buildings separated in Strasbourg by a narrow river – seem to be separated by something more substantial. I have a very personal perspective on that division.

In June 2013, only five months after my arrest, EP adopted a resolution strongly condemning my detention and calling for immediate and unconditional release.

The authorities ignored the condemnation and the call for more than five years – but that is a different subject.

PACE, in its turn, has been silent on my case till October 2017, when it voted the first document calling on the authorities to release me. I was released about a year after, having spent more than 5 years and six months in prison with no regard to two judgments of the European Court of Human Rights.

Azerbaijan has voting representatives at PACE, but not in the EP. That is because our country is a member of the Council of Europe (CoE), and is not a member of the European Union (EU).

A year ago, after continuous corruption allegations by civil society organizations, PACE finally admitted that its voting and operations have been marred by incompliance of certain members with ethical rules. A few parliamentarians have been administratively punished, but no serious action has been taken to discourage those who help Aliyev regime to keep his innocent critics behind bars.

Handling of the Mehman Hüseynov case at its January 2019 session is going to test whether anything has changed in PACE since 2013.

Avropa Parlamenti və AŞPA: 6 il sonra nə fərq var?

Baxmayaraq ki, yanvarın 17`də Avropa Parlamenti (AP) Mehman Hüseynova qarşı ikinci cinayət işi üzrə təcili qərar qəbul etməyi planlaşdırır, Avropa Şurası Parlament Assambleyası (AŞPA), onun özünün Prosedur Qaydalarının 51`ci maddəsinə uyğun olaraq Azərbaycanla bağlı təcili tədbir görməsi haqqında çağırışımızı hələ eşitmir.

Görünür AP və AŞPA`nın Strasbourg`dakı binalarını bir-birindən ayıran təkcə dar bir çay deyil. Onları ayıranın nə ola bilməsi haqqında şəxsi təcrübəmdən məlumatlıyam.

2013`cü ilin iyununda, həbsimdən cəmi beş ay sonra, Avropa Parlamenti tutulmağımı qətiyyətlə pisləyən, təcili və şərtsiz azad edilməyimə çağıran bir Qətnamə qəbul etdi.

Doğrudur, hakimiyyət həmin qınağı və çağırışı beş ildən çox qulaq ardına vurdu. Hələ indi də tam eşitməyib, şərti azadlıqdayam. Amma bu, başqa söhbətin mövzusudur.

AŞPA, öz növbəsində, hətta Avropa Məhkəməsinin qərarlarına baxmayaraq susurdu. Ancaq 2017`ci ilin oktyabrında ilk dəfə səs verib məni buraxmağa çağırdı.

Azərbaycan AŞPA`da səsverən təmsilçilərə malikdir, AP`də isə təmsil olunmayıb, çünki ölkəmiz Avropa Şurasının üzvüdür, Avropa Birliyinin yox.

Bir il bundan əvvəl, qeyri-hökumət təşkilatlarının davamlı korrupsiya iddialarından sonra, AŞPA nəhayət, səsvermə və əməliyyat sistemlərinin qüsurunu və bunun bəzi üzvlərin etik qaydalara uyğun hərəkət etməməsi ilə bağlı olduğunu etiraf etdi.

Bir neçə millət vəkili prosedur qaydada məsuliyyətə cəlb olundu, amma təqsirsiz tənqidçilərini barmaqlıqlar arxasında saxlamaqda Əliyev rejiminə kömək edənləri çəkindirmək üçün heç bir ciddi tədbir görülmədi.

Qarşıdakı yanvar sessiyasında AŞPA`nın Mehman Hüseynovun işinə yanaşması 2013`cü ildən bu yana AŞPA`da bir şeyin dəyişib-dəyişmədiyini göstərəcək.